About
Gallery
Files
    
     “Həqiqəti həmişə təkrarlamaq lazımdır, çünki ətrafımızda daim yanlış fikirləri təbliğ edirlər” - Höte

    İş elə gətirib ki, mən Sumqayıt hadisələri ilə bilavasitə üzləşmişəm – Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu ildə Bakıda keçirilmiş iclasında dövlət ittihamını müdafiə edən prokuror olmuşam.

    Sonralar dəfələrlə Sumqayıt hadisələri barədə gördüklərim və eşitdiklərim haqqında kitab yazmaq fikrinə düşsəm də, bu ideyanı özümə çox da yaxın buraxmamışam. Ona görə ki, əvvəla, hər iki xalqın köhnə yaralarını təzələmək istəməmişəm, ikincisi də , belə hesab etmişəm ki, bu, daha çox peşəkar tarixçilərin işidir. Ancaq ötən illərdə baş verənləri bir daha götür-qoy edəndən sonra əvvəlki mövqeyimə yenidən nəzər salmalı oldum. Saysız-hesabsız erməni siyasətçiləri, peşəkar və həvəskar publisistlər, ermənilərə lobbiçilik edənlər Azərbaycana və azərbaycanlılara maraq göstərən hər kəsi vahiməyə salmaq üçün Sumqayıt hadisələrini qorxunc bir vasitəyə çevirmişdilər. Bu vicdansız spekulyasiyalar nəticəsində həmin hadisələrin bilərəkdən saxtalaşdırıldığı minlərlə kitab, məqalə, televiziya verilişi və saytlar ortaya çıxmışdır. Yeganə məqsəd isə bütün bu hadisələrin təqsirini, özü də ən vicdansız formada bütövlükdə Azərbaycan xalqının üzərinə yıxmaq idi. Vaxt gələcək, tarixi saxtakarların sələfləri bu saxta materialları arxivlərdən çıxaracaq və “başıbəlalı erməni xalqı”nın bu dəfə artıq Sumqayıtda məruz qaldığı “soyqırım” haqqında yeni bir uydurmanı beynəlxalq ictimaiyyətə təqdim edəcəklər.

    Bunların nəticə etibarilə nəyə gətirib çıxarması 1915-ci ildə Türkiyədə baş vermiş hadisələr nümunəsindən hamımıza yaxşı məlumdur. İstər o illərdə, istərsə də sonrakı dövrdə Türkiyə tərəfinin, faktiki olaraq, susduğu bir şəraitdə erməni millətçilərinin dərc etdirdiyi on minlərlə kitab və məqalənin doğurduğu əks-səda bu gün də eşidilir.

    Hesab edirəm ki, bitib-tükənmək bilməyən bu yalan, böhtan, uydurmalar axınına qarşı Sumqayıt hadisələrinin bütün aspektlərinə dair sənəd və sübutlarla, dəlillərlə əsaslandırılmış araşdırmalar təqdim edilməli, həmin araşdırmalarda Sumqayıt hadisələrini qızışdıranların hər birinin rolundan, hakimiyyət orqanlarının davranışından tutmuş, yüksək sovet instansiyalarının bu hadisələrə aşkar müdaxiləsinə qədər bütün məqamlar açıqlanmalıdır.

    Əgər Azərbaycan tərəfi hərəkətə gəlməsə, şübhəsiz ki, Sumqayıt hadisələri də əleyhimizə çevriləcək əsas ideoloji silahlardan olacaq.

    Məni – hazırda vəkillik fəaliyyəti ilə məşğul olan Aslan İsmayılovu - əlimə qələm götürməyə sövq edən də məhz bizi gözləyən bu təhlükənin qarşısını vaxtında almaq istəyidir.

    Oxuculardan bir xahişim var: bu kitaba ədəbi təcrübə kimi yanaşılmasın. Mən, sadəcə olaraq, Sumqayıt hadisələri barədə iş üzrə prokuror kimi şahidlik edirəm və yalnız bəzi şəxsi mülahizələrimi bildirirəm.

    VəkilAslan İsmayılov